Qastroenterologiya

Kolonoskopiya

Kolonoskopiya — yoğun bağırsağın (kolonun) daxili səthini vizual olaraq müayinə etməyə imkan verən müasir endoskopik diaqnostika üsuludur. Prosedur elastik və nazik boru şəklində olan kolonoskop vasitəsilə aparılır. Bu cihazın ucunda yerləşən kamera və işıq mənbəyi vasitəsilə bağırsaq divarları real vaxtda müşahidə olunur, monitor vasitəsilə görüntülər əldə edilir.

Kolonoskopiya bağırsaq xəstəliklərinin erkən diaqnostikası və bəzi hallarda birbaşa müalicəsi üçün əvəzsiz üsullardan biridir. Aşağıdakı məqsədlərlə tətbiq olunur:

  • Yoğun bağırsaq və düz bağırsaq xərçənginin erkən skrinqi və profilaktik nəzarəti

  • Qəbizlik, diareya, qarın ağrısı, qanlı nəcisin olması kimi simptomların səbəblərinin araşdırılması

  • Poliplərin aşkarlanması və çıxarılması (polipektomiya)

  • İltihabi bağırsaq xəstəliklərinin (xoralı kolit, Kron xəstəliyi və s.) gedişinin monitorinqi

  • Şişlərə və ya anormal toxumalara biopsiya məqsədilə toxuma nümunəsinin götürülməsi


Prosedura hazırlıq

Kolonoskopiyanın effektiv və təhlükəsiz aparılması üçün bağırsaqların tam təmizlənməsi əsas şərtdir. Bu məqsədlə prosedurdan bir neçə gün əvvəl pasiyentə xüsusi pəhriz tövsiyə olunur və bağırsaq təmizləyici preparatlar təyin edilir. Hazırlıq düzgün aparılmadıqda müayinə nəticələri qeyri-dəqiq ola bilər və ya prosedurun təxirə salınması lazım gələ bilər.


Prosedur necə həyata keçirilir?

Kolonoskopiya ümumiyyətlə venadaxili sedasiya (dərmanla yüngül yuxu) altında aparılır. Bu, pasiyentin diskomfort hiss etməməsini və rahat müayinə prosesini təmin edir. Təcrübəli həkim-koloproktoloq və endoskopistlər tərəfindən həyata keçirilən bu prosedur təxminən 20–40 dəqiqə davam edir.

Zərurət yarandıqda poliplərin çıxarılmasıqanaxmanın dayandırılması və ya toxuma nümunələrinin götürülməsi (biopsiya) prosedur zamanı həyata keçirilə bilər.


Niyə Bonum Medical?

Bonum Medical klinikasında kolonoskopiya müasir texnologiyalarla, tam steril şəraitdə, peşəkar həkim heyəti tərəfindən aparılır. Pasiyentlərin komfortu, təhlükəsizliyi və prosedurun yüksək dəqiqliklə icrası bizim üçün əsas prioritetlərdəndir.



Kolonoskopiyaya Hazırlıq Təlimatı

Kolonoskopiyanın dəqiq və uğurlu nəticə verməsi üçün bağırsaqların tam təmiz olması vacibdir. Aşağıda prosedura hazırlıq üçün əsas addımlar təqdim olunur:

1. Pəhriz (Prosedurdan 3 gün əvvəl başlayır)

  • Lifli və çətin həzm olunan qidalar rasiondan çıxarılmalıdır.

  • Qadağan olunmuş qidalar: tərəvəzlər (xüsusilə kələm, ispanaq), meyvələr (xurma, üzüm, nar), çörək, paxlalılar, toxumlu və qabıqlı məhsullar.

  • Təbii şirələr, duru şorbalar, təmiz bulyon, ağ düyü, toyuq əti və qatıq tövsiyə olunur.

  • Prosedura 1 gün qalmış yalnız şəffaf maye qəbul edilməli, bərk qidalar yeyilməməlidir.

2. Bağırsaq təmizliyi (Prosedurdan 1 gün əvvəl)

  • Həkimin tövsiyə etdiyi bağırsaq təmizləyici preparatlar (məsələn: Fortrans, Fleet və s.) təlimata uyğun qəbul edilməlidir.

  • Bu dərmanlar adətən axşam saatlarında, çoxlu miqdarda maye ilə (suyun temperaturu otaq temperaturunda olmalıdır) qəbul edilir.

  • İshal baş verəcək – bu, təbii haldır və bağırsağın təmizləndiyini göstərir.

3. Prosedur günü

  • Tam acqarına gəlmək tələb olunur: son qida və ya maye qəbulundan ən azı 6 saat keçmiş olmalıdır.

  • Əgər sedasiya planlaşdırılıbsa, pasiyent nəqliyyatla tək gəlməməli və yanında bir müşayiətçi olmalıdır.

  • Daimi istifadə etdiyiniz dərmanlar (məsələn, təzyiq və ya şəkər dərmanları) barədə mütləq həkimlə öncədən məsləhətləşin.

Vacib Xatırlatma:

  • Hamiləlik, şəkərli diabet, qan durulducu dərmanlar istifadə edirsinizsə və ya ürək-damar xəstəliyiniz varsa, bu haqda əvvəlcədən həkiminizi məlumatlandırın.