Lor

Tonzillektomiya və Adenoidektomiya (Boğaz əti və burun əti əməliyyatları)

Bonum Medical klinikasında boğaz və burun əti problemlərinin diaqnostikası və cərrahi müalicəsi ən müasir texnologiyalartəcrübəli LOR mütəxəssisi və endoskopik cihazlar vasitəsilə yüksək səviyyədə həyata keçirilir.

Adenoidlər (Burun əti) və Onların Rolu

Adenoidlər udlağın arxa divarında yerləşən və adi müayinədə görünməyən, lakin immun sistemin erkən yaş dövründə formalaşmasında mühüm rol oynayan limfoid toxumalardır. Bu toxumalar virus və bakteriyaları tutaraq orqanizmin immun yaddaşının inkişafına yardım edir. Lakin bəzi uşaqlarda və hətta böyüklərdə adenoid toxuması həddindən artıq böyüyərək aşağıdakı problemlərə səbəb ola bilər:

  • Burunla nəfəs almaqda çətinlik

  • Xroniki burun tutulması

  • Gecə xorultusu və yuxuda nəfəs dayanması (apnoe)

  • Tez-tez təkrarlanan qulaq infeksiyaları

  • Nitq və eşitmədə gecikmələr

Tonzillər (Boğaz əti) və Onların Problemləri

Boğazda yerləşən tonzillər də immun müdafiədə rol oynayır, lakin tez-tez iltihablanma halları olduqda (xroniki tonzillit) artıq bədən üçün yükə çevrilə bilər. Aşağıdakı hallarda tonzillektomiya tövsiyə olunur:

  • İldə 5 dəfədən çox angina tutmaları

  • Tonsillərdə daimi irinli ocaqlar

  • Qoxulu ağız, çeynəmə və udmada çətinlik

  • Boğazda daimi diskomfort və ya tıxanma hissi


Əməliyyat Prosesi və Texniki Üstünlüklər

Bonum Medical klinikasında tonzillektomiya və adenoidektomiya ümumi anesteziya altında, pasiyentin rahatlığı və təhlükəsizliyi təmin olunaraq həyata keçirilir. Əməliyyatlar təcrübəli LOR həkimimiz tərəfindən icra olunur və:

  • Əməliyyatın özü təxminən 10-15 dəqiqə davam edir

  • Pasiyent ümumi olaraq 45 dəqiqə ərzində reanimasiya və müşahidə altında olur

  • Əməliyyatdan əvvəl qan analizləri və anestezioloq dəyərləndirməsi aparılır

Əməliyyat zamanı aşağıdakı innovativ alətlər və üsullar tətbiq olunur:

  • Adenotom, küret, elektrokoter, mikro debrider, lazer və s.

  • Bölgədə yalnız klinikamızda olan endoskopik diaqnostika və görüntüləmə sistemləri vasitəsilə əməliyyat vizual nəzarət altında aparılır

Bu texnoloji üstünlük sayəsində adenoid toxuması tam şəkildə təmizlənir, qalıqların qalma və ya toxumanın təkrar əmələ gəlmə riski minimuma endirilir.


Əməliyyatdan Sonra Nə Gözlənilir

Əməliyyatdan sonra pasiyent adətən bir neçə saat klinikada həkim nəzarətində saxlanılır. Bu müddətdə ümumi vəziyyət, qan təzyiqi, nəbz və qısa müddətli ağrılar izlənilir. Tonzillektomiya və adenoidektomiya əməliyyatlarından sonra əksər hallarda sağalma prosesi yüngül və problemsiz keçir, lakin bəzi vacib tövsiyələrə əməl edilməsi fəsadların qarşısını almaq baxımından son dərəcə önəmlidir.

Qanama riski və onun qarşısının alınması üçün pasiyentlərə tövsiyələr:

  • Əməliyyatdan sonra 10 gün ərzində qidalanmaya xüsusi diqqət yetirilməlidir. İsti, sərt, kəskin, turş və çox duzlu qidalardan mütləq çəkinmək lazımdır. Onların yerinə otaq temperaturunda yumşaq və sulu qidalar (kompot, qatıq, pürelər, dondurma və s.) tövsiyə olunur.

  • Əməliyyat yerinin zədələnməsinə səbəb ola biləcək davranışlardan uzaq durmaq vacibdir. Qışqırmaq, ucadan danışmaq, boğazı zorlayacaq şəkildə öskürmək və ya asqırmaqdan çəkinmək tövsiyə edilir.

  • Qan laxtalanmasını poza biləcək dərmanlar (aspirin, ibuprofen və s.) istifadə edilməməlidir, əgər həkim tərəfindən xüsusi olaraq təyin edilməyibsə.

  • Yüngül qanama (tüpürcəkdə az miqdarda qan izi) ilk günlərdə ola bilər və normal sayılır. Lakin ağızdan qırmızı qan gəlməsi, qanın laxtalanmadan axması və ya qusma şəklində qan görülməsi halında dərhal klinikaya müraciət edilməlidir.

  • Fiziki fəaliyyət məhdudlaşdırılmalıdır. Əməliyyatdan sonra ilk 7-10 gün ərzində qaçmaq, ağır yük qaldırmaq, fəal oyunlar oynamaq və ya tərləməyə səbəb olacaq hərəkətlərdən uzaq qalmaq məsləhətdir.

  • Çox isti duş və ya hamam qəbul edilməməli, bədənin temperaturunun süni şəkildə yüksəlməsi qarşısı alınmalıdır.

  • Boğazda ağrı, udma çətinliyi, qızdırma və ya pis qoxulu ağız suyu kimi əlamətlər varsa, bu, infeksiyanın əlaməti ola bilər və həkimə müraciət edilməlidir.

Ümumi sağalma prosesi:

  • İlk günlərdə boğaz ağrısı, qulaqlara vuran sızıltı və yüngül narahatlıq normal hal sayılır.

  • Qidalanma və istirahət rejiminə düzgün əməl edən pasiyentlərdə sağalma təxminən 7-10 gün ərzində tamamlanır.

  • Həkimin təyin etdiyi dərmanları vaxtında qəbul etmək, planlaşdırılmış kontrol müayinələrinə gəlmək müalicənin uğuruna birbaşa təsir edir.


Hər bir pasiyentə fərdi yanaşma və yüksək səviyyədə tibbi qulluq bizim əsas prioritetimizdir.