Kardiotokoqrafiya (KTG və ya NSD)
Kardiotokoqrafiya (KTG və ya NSD) – Ana bətnində dölün vəziyyətinə real zamanlı nəzarət
Kardiotokoqrafiya – tibbi ədəbiyyatda KTG və ya NSD kimi tanınan bu müayinə – hamiləlik dövründə ana bətnindəki körpənin ürək döyüntülərini və uşaqlıq yığılmalarını eyni anda izləməyə imkan verən qeyri-invaziv və təhlükəsiz diaqnostik üsuldur. Bu müayinə Bonum Medical klinikasında ən müasir texnologiya ilə həyata keçirilir və həm həkimlərə, həm də valideynlərə körpənin rifahı haqqında dəqiq məlumat verir.
Kardiotokoqrafiya müayinəsi zamanı iki əsas parametr qeydə alınır:
Dölün ürək döyüntüləri – körpənin ürəyinin sabit və normal intervalda döyünüb-döyünmədiyi, stresə necə reaksiya verdiyi izlənir.
Uşaqlıq yığılmaları (kontraksiyalar) – hamiləlik və doğuş zamanı uşaqlığın necə hərəkət etdiyi qiymətləndirilir.
KTG xüsusilə hamiləliyin son trimestrində, doğuşa yaxın zamanlarda, təxirə salınmış və ya riskli hamiləliklərdə, həmçinin döl hərəkətlərinin zəiflədiyi hallarda tətbiq olunur.
KTG müayinəsi pasiyentin arxası üstə və ya yarımoturaq vəziyyətdə uzanması ilə həyata keçirilir. Qarın üzərinə iki sensor yerləşdirilir – biri dölün ürək döyüntüsünü, digəri isə uşaqlıq yığılmalarını qeyd edir. Müayinə 20-30 dəqiqə davam edir, bəzən döl hərəkətlərinin azlığı səbəbilə müddət uzadıla bilər. Bu müddət ərzində cihaz vasitəsilə əldə edilən məlumatlar kağız lentə yazılır və həkim tərəfindən təhlil olunur.
KTG müayinəsi dölün oksigenlə təchizatının, sinir sistemi fəaliyyətinin, ana bətnində stressə reaksiyasının qiymətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu müayinə sayəsində erkən mərhələdə problem aşkarlanarsa, doğuş strategiyası yenidən planlaşdırıla bilər.Əldə edilən nəticələr doğum vaxtının dəqiqləşdirilməsi, təcili tibbi müdaxiləyə ehtiyacın olub-olmaması barədə qərar verməkdə əsaslı rol oynayır.KTG, hamiləliyin 32-ci həftəsindən etibarən aparıla bilər. Lakin xüsusi risk daşıyan hallarda (məsələn, yüksək riskli hamiləlik, döl hərəkətlərində zəifləmə, hipertoniya, şəkərli diabet, döldə inkişaf geriliyi və s.) 28-ci həftədən etibarən də tətbiq oluna bilər. Adətən doğuma yaxın 36–40-cı həftələrdə isə bu müayinənin tezliyi artır:
Sağlam və normal keçən hamiləliklərdə: Hər 7–10 gündə bir aparıla bilər.
Riskli hamiləliklərdə və ya ananın klinik vəziyyətində dəyişiklik olduqda: Daha qısa intervallarla – hətta hər 2–3 gündə bir və ya gündəlik KTG nəzarəti tövsiyə oluna bilər.
Doğuş başladıqdan sonra isə KTG vasitəsilə doğum boyunca dölün vəziyyəti davamlı olaraq izlənir.
Bonum Medical klinikasında KTG müayinəsinin üstünlükləri
Bonum Medical klinikasında KTG proseduru ən müasir avadanlıq vasitəsilə aparılır. Müayinələr steril və rahat şəraitdə, peşəkar ginekoloq nəzarətində, ana və körpənin təhlükəsizliyi tam təmin olunaraq icra edilir. Xüsusilə bölgədə mövcud olmayan bu tip texniki imkanlar sayəsində hamilələrimiz Bakıya getmədən də yüksək səviyyəli nəzarət və xidmət alırlar.